ANASAYFA Bilmək istədikləriniz
Heç bir qadın süd vəzisi xərçəngindən sığortalanmayıb...

Bu reportaj www.burlaxatun.az 'da nəşr olunmuşdur.

Dr. Hamdi Koçer “Süd vəzisi xərçəngindən qorxma, gecikməkdən qorx”


BX-İlk olaraq istərdim bu problemin nə qədər aktual olduğundan danışaq doktor. İstər dunyada, istərsə də Azərbaycan və Türkiyədə?

Dr. Hamdi Koçer-Mən 1986-cı ildə Tibb Fakultəsini bitirib Ümumi Cərrahiyə ixtisasıma başladığım zaman bunu bilirdik: həyat boyunca döş xərçəngi riski qadınlar üçün 1/15, yəni hər 15 qadından birində rastlanırdı. Iyirmi beş il sonra bu say qərb dünyasında- ABŞ-da 1/8, yəni səkkiz qadından birində, Avstraliyada isə 1/11-ə yüksəlib. Türkiyədə bu sayların 1/10 olduğunu düşünürəm. Azərbaycanda statistika məlumatlarının nəticəsini tam olaraq bilmirəm, amma ən optimist baxışla baxsaq, 1/12-dən az olmamalıdır. Son bir neçə ildir dünyada belə xəstəliklərin rastlanma tezliyində azalma var, heç olmasa rastlanma tezliyi artmır. Bununla birlikdə sağalanların da sayı çox sürətlə artır. Bundan 30 il əvvəl ilə müqayisədə müalicə edilən xəstə sayı iki qata çıxarkən ölüm səviyyəsi dünyada yarı-yarıya azaldı. Bunun sirri inkişaf edən radioloji metodlar və qadınların illik müayinələr mövzusunda məlumatlandırılmış olmasıdır. Ölkələrin səhiyyə sektorları da ictimai və özəl mənada bu mövzuya kifayət qədər diqqət və maddi mənbə ayırdığı üçün bütün dünyada artıq süd vəzisi xərçəngi müalicə edilə bilən bir xəstəlik olaraq qəbul edilir.

BX-Normalda heç bir qadın ”Gedib bir özümü yoxlatdırım” deyərək ehtiyyat tədbirləri görmur. Bəs reallıq nə göstərir? Qadin özünün də xəbəri olmadan bu problemin daşıyıcısı ola bilərmi?


Dr. Hamdi Koçer-Artıq dünyada qadınlarda heç bir problem olmasa belə, müəyyən yaşdan sonra döş müayinələrindən keçməyə başlayırlar. Erkən diaqnoz və 100% müalicə üçün bu şərtdir. Bundan başqa, qərbdə hökümətlər, səhiyyə nazirlikləri, özəl şirkətlər, məsələn özəl səhiyyə sığortaları bu işə fond ayırır. Müəyyən yaşın üzərindəki qadınların müayinələrini (screening mamografy) həyata keçirərək xəstəliyin müalicə edilə bilən bir mərhələdə tapılması üçün çalışır.

Xərçəng, yoldan çıxan 1 hüceyrənin çoxalıb kütlə əmələ gətirməsi deməkdir. Hər orqanda hüceyrənin bölünmə sürəti müxtəlifdir. Döş hüceyrəsindən yaranan xərçəng hüceyrəsi yavaş bölünür. Bir hüceyrədən 1 sm3 ölçüdə süd vəzisi xərçəngi olması üçün keçən müddət təxminən 7-10 ildir. Bu olduqca uzun bir müddətdir. Illik müayinələrin nə qədər əhəmiyyətli və vacib olduğunu göstərir. Bu müddət ərzində əlbəttə ki, qadın döşündəki bu xəstəliyin inkişafından xəbərsiz olur. Bundan başqa, onu da deməliyəm ki, digital mammoqrafiya ilə artıq 0,5 sm, yəni 5 mm ölçüdə olan kütləni də təcrübəli radioloqlar görə bilirlər. Halbuki, heç bir kütlə 1-1,5 sm olmadan əvvəl əllə hiss edilmir. Hələ böyük döşlərdə kütlə döşün ortasındadırsa, mərkəzi kütlədirsə, əllə hiss edilməsi üçün 2,5-3 sm olmalıdır. Bir az da bu, qadının özünə qarşı diqqətli olması ilə əlaqədar bir şeydir əlbəttə. Xəstələrin bu mövzuda məlumatlı olmaları çox vacib əhəmiyyət daşıyır.

BX-Sud vəzisi xərşənginə daha ətraflı aydınlıq gətirək ,elə isə...

Dr. Hamdi Koçer-Onda gəlin əsas olaraq xərçəngi izah edək. Bütün xərçənglərdə sistem eynidir, amma tək fərq hər orqanın hüceyrə bölünmə sürətinin müxtəlifliyindədir. Yavaş bölünən hüceyrələrdə yaranan xərçənglərin müalicə şansı çox yüksəkdir, məsələn süd vəzisi, qalxanabənzər vəzi, dəri, prostat və s. Və eyni zamanda da sürətlə böyüyən hüceyrələrin xərçənglərində müalicə şansı çox azdır: ağciyər, mədə, mədəaltı vəz, qida borusu kimi.

Bədənimizdə hər hüceyrənin müəyyən uzunluqda ömrü var. Hüceyrələrin yaşama müddəti, nüvələrindəki genetik materialda yazılıdır. Yaşlanan hüceyrə, toxumadakı işi qurtarandan sonra ölür. Bu prosesin son hissəsinə “planlı hüceyrə ölümü” deyilir. Xərçəng hüceyrələrinin digər hüceyrələrdən fərqi, “planlı hüceyrə ölümü” programından xaricə çıxıb, idarə edilməz şəkildə çoxalmalarıdır.

Sağlam bir hüceyrə neçə dəfə bölünəcəyini və nə vaxt öləcəyini bilir. Buna uygun olaraq da xərçəng hüceyrələri, bu məlumatı itirir, idarəsizcə bölünməyə başlayır və şişlər bu formada əmələ gəlir. Əgər xərçəng hüceyrələri yarandıqları şişdən qoparaq ayrılsa, qan ya da limfa dövranı vasitəsilə ilə bədənin digər bölgələrinə gedər. Getdikləri yerlərdə şiş koloniyaları əmələ gətirir və böyüməyə davam edərlər. Xərçəngin bu formada bədənin digər nahiyələrinə yayılması hadisəsinə metastaz deyilir.
Süd vəzisi xərçəngi üçün keçmişdə çox böyük əməliyyatlar aparılırdı: sadəcə döşün alınması kifayət etmirdi,o nahiyədəki bütün yumşaq toxumalar sümüyə qədər çıxarılırdı. Əlbəttə ki, bu qorxunc bir əməliyyatdır və artıq bilirik ki, şişin erkən dövrdə tapılması, döşün alınmasının qarşısını alır. Sadəcə xərçəngli toxumanın ətrafında ehtiyat üçün sağlam toxuma ilə birlikdə çıxarmaq kifayət edə bilən bir cərrahi əməliyatdır. Müalicənin sonrakı bölümü, yəni radioterapiya və xemoterapiya ilə daha yaxşı nəticələr alınır.
Türkiyədə artıq çox nadir hallarda döşün hamısını almaq lazım gəlir. Əməliyyatların çoxunu döşü qoruyaraq (breast conserving) həyata keçiririk. Buna yaxşı bir radioterapiya dəstəyi lazımdır.

BX-Azərbaycanda nə gördünüz? Bu problemlə yaşayan insanlar çoxdurmu?


Dr. Hamdi Koçer-Azərbaycanda mənim gördüyüm – çox gənc insanların mastopatiya ilə xəstləndikləridir. Mastopatiya döşün normal bir halıdır. Hər qadının aylıq hormonal dəyişikliklərinə döşün verdiyi cavab olaraq qəbul edilir bütün dünyada. Xüsusilə də, gənc qadınlarda bu hormonal cavab daha nizama girmədiyinə görə döşlərdə dolğunluq, ağrı və kistalar meydana çıxır. Amma buna dünyada döşün fibrokistik dəyişiklikləri deyilir və müalicə edilmir. Ağrı üçün bəzi tədbirlər alınır sadəcə. Gənc və orta yaşlı qadınlar mastopatiya ilə boğulurlar və daima dərmanlardan istifadə edirlər ki, məncə bunların faydası da yoxdur. Bununla bərabər, müntəzəm olaraq döş müayinələrinə gələn və döş xərçəngi qarşısında özünü qoruya biləcək düşüncəyə sahib olan qadınların sayı çox azdır. Təəssüf ki, bu Türkiyədə də bir problemdir, amma Bakıda bu mövzu ilə əlaqədar məlumat azlığı da vardır. Sizlərin də köməkliyi ilə insanlara əlimizi uzatmağa çalışacağıq. Məsələn bunu izah edəcəyik: döş əməliyyatları 2 səbəblə aparılır: 1-Süd vəzisi xərçəngi şübhəsi varsa, diaqnostik məqsədlə aparılır; 2-süd vəzisi xərçəngi diaqnozu qoyulmuşsa, müalicə məqsədli aparılır. Bundan başqa hallarda döş cərrahiyyəsi (göstəriş) çox az aparılır, nadirdir. Işin vacib nöqtəsi də budur məncə.


BX-Süd vəzisi xərçəngi yalnız qadınların problemidir? Yoxsa kişilər də bu xəstəliyə tutula bilər ?

Dr. Hamdi Koçer-Süd vəzisi xərçəngi kişilərdə də rastlana bilir, ancaq çox az hallarda . Kişilərdə çox az rastlanmasının 2 səbəbi var: kişilərin hormonal səviyyəsi qadınlardakı kimi hər ay dəyişiklik göstərmir və esterogenə bağlı deyildir. Ikinci və daha az əhəmiyyətli səbəb isə kişilərin döş toxumasının qadınlarla müqayisədə daha az həcminin olmasıdır.

Kişilərdə az görülməsinə baxmayaraq, kişilərin süd vəzisi xərçəngi daha ağır keçir və müalicə şansı daha azdır. Ona görə də kişi döşündə, xüsusilə də yetkin kişilərdə meydana çıxan dəyişikliklərdə dərhal həkimə müraciət edilməlidir.

BX-Bir insanın süd vəzisi xərçənginə tutulma riskini hansı faktorlar artıra bilər?

Dr. Hamdi Koçer-Qadınlarda ən əhəmiyyətli risk faktoru esterogen hormonu və qadının bu hormona nə qədər müddət məruz qaldığıdır. Bu səbəblə erkən aybaşı görmək, gec klimaksa girmək qadının esterogen ömrünü uzadır və süd vəzisi xərçəngi riskini də artırır. Bunun tam tərsi, çox uşaq dünyaya gətirmək, uşaqları uzun müddət əmizdirmək esterogen müddətini azaldır və qadının süd vəzisi xərçəngi olma riskini azaldır. Şərq ilə qərb dünyası arasındakı statistik fərq buradan yaranmışdır. Əlbəttə bunlar insanın çox əlində deyil, yəni dəyişdirilə bilinməyən faktorlardır.

Bundan başqa dəyişdirlə bilən faktorlar da var: alkoqol, sigaret qəbulu riski artırır. Çox kök olmaq, yağlı yeməkləri çox yemək, kifayət qədər idman etməmək, tərkibində esterogen hormonu olan dərmanlardan istifadə etmək riski artırır. Həyat tərzimizə diqqət etmək lazımdır.

BX- İrsi faktorlar nə qədər rol oynayır bu problemdə?


Dr. Hamdi Koçer-Bu mövzu üzərində çox uzun müddət araşdırmalar aparıldı. Nəticədə məlum oldu ki, bütün süd vəzisi xərçənglərinin 5 %-nin səbəbi ailəvi faktorlardır. Hətta daha sonra aparılan genetik araşdırmalarda BRCA1 və BRCA2 genlərində quruluş pozğunluğu olan qadınların süd vəzisi xərçənginə tutulma riskinin çox yüksək olduğu ortaya çıxdı. Bu risk qadının yaşı ilə birlikdə artır və 80 yaşında təxminən 100 %-ə çıxır. Ancaq bu ailəvi olan forması, həqiqətən də çox az səviyyədədir, amma yenə də bəzi hallarda ailəvi süd vəzisi xərçəngindən şübhələnmək lazımdır. Məsələn, süd vəzisi xərçəngi 40 yaşdan əvvəl meydana çıxırsa, eyni ailədə 2-dən çox süd vəzisi xərçəngi, yumurtalıq xərçəngi varsa, ailədə kişilərdə də süd vəzisi xərçənginə rastlanırsa, deməli bu halda ailəvi süd vəzisi xərçəngi sindromu ola bilər. Mütləq qandan BRCA1və BRCA2 genetik testləri aparılmalıdır.


Mənim şəxsi fikrim, süd vəzisi xərçənginin çox yayılmış olması səbəbilə ailəvi olub olmadığından başqa, hər qadının bu mövzuda lazımi həssaslık və diqqət içində olmasıdır. Ailəvi olub olmadığının anlaşılması, gerekli müayinələr və qoruyucu cərrahiyə kimi metodlar, bu mövzunun mütəxəssisləri tərəfindən mükəmməl bilinməli və lazım gəldiyi zaman xəstələrə məlumat verilməlidir.

BX-Süd vəzisi xərçəngi diaqnozu qoyulan insan nəyi bilməlidir?.


Dr. Hamdi Koçer-Diaqnoz qoyulduğu zaman xəstənin ilk əvvəl özünü çox pis hiss edəcəyini, xəstəliyə üsyan edəcəyini bilirik. Ancaq xəstəyə bu məlumatları vermək çox vacibdir: birincisi bu xəstəliyin müalicəsi var və artıq bu xəstəlik səbəbiylə dünyada ölüm səviyyəsi çox aşağı düşmüşdür. İkincisi, bütün döşü almadan müalicə şansı var və döşün alındığı əməliyyatlar qədər müvəffəqiyyətlidir. Üçüncüsü, düzgün müalicənin aparılması üçün düzgün yerlərə müraciət edildiyindən əmin olmaq lazımdır. Dördüncü və ən son məlumat: bu xəstəliyə qalib gəlmək üçün əhval-ruhiyyə yüksək olmalıdır.

Əməliyyatlar mövzusunda daima yeni inkişaflar vardır. Artıq qoltuqaltı əməliyyatını da aparmadan bəzi xəstələrdə limfa vəzisindən nümunə almaq şansı var: Buna novbətçi limfa vəzisi biopsiyası deyirik. Radioterpaiyanı əvvəldən 5 həftə ilə 6 həftə arası aparırdıq, indi isə İstanbulda seçilmiş uyğun xəstələrdə 1 həftədə radioterpaiyanı bitirə bilirik. Bu xüsusilə xarici ölkələrdən gələn xəstələri çox böyük rahatlıqla müayinə etməyimizi təmin edir.
Əslində xəstə nə qədər çox bilirsə, bu xəstəliyə o qədər asanlıqla da qalib gələ bilir. Xəstəsi ilə maraqlanan və ona düzgün məlumat verən həkim ilə müalicəni davam etdirmək çox vacibdir məncə.

BX-Hər döş ağrısı süd vəzisi xərçəngi deməkdirmi?

Dr. Hamdi Koçer-Xeyr, hər döş ağrısı süd vəzisi xərçəngi demək deyildir. Hətta süd vəzisi xərçəngində ağrı görülmə ehtimalı çox düşükdür. Ancaq çox inkişaf etmiş dərəcədə olan və dərisində yaralar açılmış xərçəngli xəstələrdə xərçənglə əlaqədar olan ağrı görülür. Belə hallardan başqa, süd vəzisi xərçəngi özü ağrı verməz.

Dünyanın hər yerində döş ağrısı, xəstələrin həkimə ən tez-tez müraciət etmə səbəbidir. Bu səbəblə hər şey haqqında məlumatlı olmaq, xəstələrin məlumatlandırılması və illik müayinələrin planlanması baxımından çox əhəmiyyətlidir. Buna görə də döş ağrısının xərçəngdən başqa bir çox səbəbi ola bilər.

Bundan başqa,döş ağrıları qadınların çoxunun işlərinə, gündəlik həyatlarına və gecə yuxularına mane olmur. Yəni çox şiddətli bir ağrı deyil bu. Ağrı ilə müraciət edən xəstə diqqətlə müayinə edilsə, yaşına uyğun radioloji müayinələr aparılsa və əhəmiyyətli bir probleminin olmadığı diqqətlə izah edilsə, ağrılar o qadını daha az rahatsız edəcəkdir. Əslində döş ağrısının müalicəsində bu çox vacibdir.

10.Hansı yaşda tibbi müayinələr mutləqdir?

Dr. Hamdi Koçer-Heç bir ailəvi riski olmayan və heç döş ilə əlaqədar şikayəti olmayan bir xəstə, yəni həyatı boyunca döş şikayəti ilə heç vaxt həkimə getməmiş bir qadın 35-40 yaşları arasında mütləq ilk müayinələrdən keçməlidir. Bu müayinələrə mammoqrafiya və ultrasəs müayinəsi aiddir. Bundan sonrası bu ilk həkim müayinəsi və radioloji müayinələrin nəticəsinə görə həkim tərəfindən planlanmalıdır. Qısaca, əhəmiyyətli bir riski olmayan qadınlar 2 ildə bir dəfə müayinədən keçməlidir, böyük və sıx, fibrokistik quruluşlu döşə sahib olan qadınlar, döşündə solid kütlə olanlar, ailəsində süd vəzisi xərçəngi olanlar ildə bir dəfə müayinədən keçməlidirlər.

Mammoqrafiya müayinəsi ilə əlaqədar bir az məlumat vermək istəyirəm. Mammoqrafiya son dərəcə zərərsiz bir metoddur, sadə bir rentgen çəkilməsi zamanı alınan miqdarda şüa verilir xəstəyə. Buna baxmayaraq gənclərin süd vəzisinin quruluşu daha yoğun olduğuna görə mammoqrafiya nəticələrinə əsasən diaqnoz qoymaq çətin olur. Xüsusilə də, mammoqrafiya cihazı da digital deyil, analoqdursa, bu daha da çətinləşir. Gənclərdə aparılacaq olan mammoqrafiya müayinəsi çox da yararlı olmur. Ancaq zərəri də yoxdur. Biz 35 yaşından daha gənc birisindən, həqiqətən də şübhəli bir vəziyyət yoxdursa mammoqrafiya və ya süd vəzisi MR müayinəsindən keçməsini istəyə bilirik.

BX-Süd vəzisi xərçəngi çox təhlükəlidirmi?


Dr. Hamdi Koçer-Süd vəzisi xərçəngi üçün ən doğru söz budur: “Süd vəzisi xərçəngindən qorxma, gecikməkdən qorx”. Müntəzəm illik müayinələrdən keçən bir qadının süd vəzisi xərçənginə tutulma riski dəyişmir. İşin bu hissəsi tamamilə talehə bağlıdır əlbəttə, amma xəstənin bu xəstəlikdən ölümü taleh deyil artıq. Xəstəliyə erkən tutulduğunuz zaman 100 % sağalma şansınız var.

Cavabımı belə bitirmək istəyirəm, “ xərçəng öldürmür, diqqətsizlik və gecikmək öldürür…” Qısaca çox təhlükəli bir xəstəlikdirmi, məncə deyil. Çarəsi olan hər şey üçün diqqətli olmaqda fayda var.

BX-Süd vəzisi xərçəngindən sonra normal həyata dönmək mümkündürmü?

Dr. Hamdi Koçer-Süd vəzisi xərçəngindən sonra tamamilə sağlam və normal bir həyata dönmək mümkündür. Subay bir qadın ailə qura bilər, evlidirsə, müalicəsi bitdikdən sonra uşaq sahibi ola bilər. Ailə münasibətlərini poza bilən, işini, iş həyatına təsir edə biləcək bir vəziyyət deyildir bu. Hətta bəzən xəstələrin həyata daha çox sarıldıqlarını, həyatlarının geri kalan hissəsini daha diqqətli, şüurlu və verimli davam etdirdiklərini bəzən müşahidə edirəm. Öz aralarında qruplar dərnəklər qurub, bir-birlərinə dəstək olduqlarını, təcrübələrini paylaşdıqlarını görürəm. Belə qruplara mən də əlimdən gəldiyi qədər dəstək olmağa çalışıram.

Süd vəzisi xərçəngi çarəsi olan bir xəstəlikdir və müalicədən sonra tamamilə normal həyata dönmək mümkündür.

BX-Xəstənin psixoloji vəziyyəti müalicənin nəticəsinə təsir edə bilərmi?

Dr. Hamdi Koçer-Xəstənin psixoloji vəziyyətinin müalicə müddətində çox böyük əhəmiyyəti var. Xəstəliyə qalib gələcəyinə inanmaq, bu mövzuda doğru məlumat əldə etmək, doğru həkimlərə müraciət etmək qədər vacibdir. Sadəcə süd vəzisi xərçəngi deyil, bütün önəmli ciddi xəstəliklərdə mənim 20 illik müşahidələrimin nəticəsi budur ki, xəstənin əhvali-ruhiyyəsi yaxşı olmalıdır. Həkimin bir vəzifəsi də xəstəyə doğru məlumat vermək və əhvali-ruhiyyəsini yüksək, psixologiyasını sağlam tutmaqdır. Bir elm olduğu qədər eyni zamanda bir sənət olduğuna inandığım həkimliyin çətinliklərindən birisi də budur.

BX-Son olaraq nə söyləmək istərdiniz xanımlara?

Dr. Hamdi Koçer-Süd vəzisi xərçəngi üçün ən böyük risk qadın olmaqdır. Bundan başqa risklər olub olmadığına baxmayaraq, hər qadının yaşına uyğun müayinələrdən keçməsini məsləhət görürəm. Döşlərindən hər hansı bir şikayətinizin olmasını gözləmədən müntəzəm olaraq bu müayinələrdən keçməlisiniz. Şikayətlər olmazdan əvvəl, müntəzəm müayinələrdə tapılan xəstəliyin müalicə şansı çox yüksəkdir.

BX- Müalicə almaq istəyənlər sizi yalnız Turkiyədə tapa bilərlər?

Dr. Hamdi Koçer-Mənə müraciət etmək istəyənlər həm Türkiyədə, həm də Bakıda mənimlə əlaqə qura bilərlər. Mən iki həftədə bir müntəzəm olaraq Azərbaycana gəlirəm və xəstələrimlə görüşürəm. Gəliş tarixlərim dəqiqdir və çox vacib bir səbəb yoxdursa, dəyişdirmirəm. Beləliklə, xəstələrim hansı gün Bakıda olacağımı asanlıqla hesablaya bilərlər. Ayrıca, www.sudvezi.com saytında həm süd vəzisi xərçəngi ilə əlaqədar ətraflı məlumatlar, həm də Bakıda olduğum günlər haqqında məlumat vardır. Bundan başqa, xəstələrimin Türkiyədə də mənimlə əlaqə qurma şansları vardır.

 

Yorum ekle


Güvenlik kodu
Yenile

XƏBƏR BÜLLETENİ ÜZVLÜYÜ