Palitra Gazet Röportaj / Hamdi Koçer : “Xərçəngin müalicəsi mümkündür, xüsusilə erkən diaqnoz qoyulduqda süd vəzi xərçənginin müalicəsi çox müvəffəqiyyətlidir”

palitra_roportaj

“Xərçəngin müalicəsi mümkündür, xüsusilə erkən diaqnoz qoyulduqda süd vəzi xərçənginin müalicəsi çox müvəffəqiyyətlidir”

 

Son zamanlar dünyada onkoloji xəstəliklərdə artım müşahidə edilir. Bu xəstəliyin artma səbəbləri kimi isə müxtəlif amillər göstərilir. Onkoloji xəstəliklərin müalicəsi üçün düzgün diaqnoz ən önəmli şərtdir ki, bu gün ölkəmizdə də belə xəstələrin sayı artmaqdadır. Müsahibimiz Türkiyənin “NEOLIFE” Tibb Mərkəzinin həkimi, dr. Hamdi Köçerdir:

- Onkoloji xəstəliklərdə artımın müxtəlif səbəbləri var. Bunlardan birincisi insanların daha tez-tez xəstəliyə tutulması ilə bağlıdır. Bunun səbəbi isə həyat şərtlərinin hər keçən gün təbiilikdən uzaqlaşmasıdır. Yediklərimiz, içdiklərimiz əvvəlki kimi təbii deyil. Qidalar müxtəlif fabriklərdə, xüsusi sexlərdə istehsal olunur. Hava, su əvvəki kimi təmiz deyil, davamlı sənaye sektorunun təhlükəsi altındadır. Daha çox qazanc əldə etmək üçün sağlamlığımızı itiririk. Başqa bir səbəbi isə odur ki, yaşın irəliləməsi ilə daha çox xərçəng xəstəsi müşahidə edirik. Yəni xərçəng xəstəliyi ehtimalı irəliləyən yaşla artır. İnkişaf edən elm və texnologiya ilə insanlar daha uzun müddət yaşayır və xəstələnmə ehtimalı artır. Xəstələr daha yaxşı müalicə edilir və uzun müddət həyatda qalır. Bu səbəbdən də xəstə sayı bizə artım kimi gəlir. Sonuncu səbəb isə odur ki, artıq erkən diaqnoz imkanları yaxşı inkişaf edib. Xəstələr daha asan və gənc yaşlarda aşkar edilə bilir. Bütün bu səbəblərlə bağlı biz xərçəng xəstələrində artım olduğunu görürük.

- Bunlardan biri kimi fərqli şişlər, kistaların yaranması göstərilir. Qadınların ən çox rast gəldiyi problemlərdən biri də kistalardır. Əvvəlcə bu kistaların nə olduğunu açıqlaya bilərsinizmi?

- Kistalar bədənimizin hər yerində ola bilən içi su dolu kisəciklərdir. Səbəbini tam olaraq bilməsək də, ancaq təhlükəsiz olduğunu bilirik. Şişlərdən çox fərqlidirlər. Şişlər içi qatı kütlələrdir, kistaların içi isə maye ilə doludur. Kistalar çox böyüməz, başqa orqanlara yayılmaz, həyatımızı təhlükəyə atmazlar. Kistalar üçün ümumiyyətlə hər hansı bir müalicə lazım deyil. Süd vəzisindəki kistalar xəstə klimaks dövrünə girərkən öz-özünə yox olur.

- Mastopatiya ilə kista eynidirmi?

- Mastopatiya döşün normal quruluşudur. Bəzi qadınların süd vəzisində kistalar və ağrılar olur. Müayinədə xüsusilə süd vəzisinin üst hissələrində ələ gələn kiçik sərtliklər və ya toxuma sıxlıqları vardır. Demək olar ki, hər iki qadından birinin döşü bu şəkildədir. Yəni kistalar olduqda xəstənin fibrokistik döş quruluşu vardır deyirik. Bakıda buna mastopatiya deyilir. Mastopatiya və ya başqa sözlə, kistalar tamamilə təhlükəsizdir. Hər hansı bir müalicə etməyə ehtiyac yoxdur. Mən qadınlar görürəm ki, əlində çoxsaylı dərmanlarla bir çox həkimlərə müraciət edirlər. Soruşanda isə ya dərmanlardan fayda görməyiblər, ya da dərman qəbul etməyi kəsdikdən sonra ağrıları yenidən başlayıb. Mən bu xəstələrin yaşına uyğun illik müayinəsinə nəzarət edirəm və əhəmiyyətli bir problemlərinin olmadığını izah edirəm.  Makrokista dediyimiz böyük kistalar olduqda və xəstəyə ağrı verdikdə onları UZİ-nin köməyilə bir şprisin istifadəsiylə boşaltmaq mümkündür. Boşaltdıqdan sonra bəziləri təkrar edir, ancaq xəstələrin çoxu uzun zaman rahat olur. Onsuz da klimaks sonrasında nə kista qalır, nə də ağrısı.

- Qadınlar özlərində kista hiss etdikdə dərhal xərçəng olduğunu sanırlar. Sizcə, kistalar xərçəngə nə qədər yaxındır?

- Kista ilə xərçəngin heç bir əlaqəsi yoxdur. Bir-biri ilə qarışması da mümkün deyil, zaman içində sadə kistaların xərçəngə çevrilmədiyini də bilirik. Nadir görülən komplike kistalar var ki, onları da UZİ ilə anlayırıq. Daxili quruluşu heterogendirsə və içində qatı hissələr varsa, bunlara qarşı bir az daha diqqətli davranırıq. Onlar üçün də əməliyyat lazım deyil, ancaq daim nəzarət altında saxlayırıq. Şübhədə qalsaq, biopsiya ilə xərçəngdən ayırmağa çalışırıq. Bu cür qarışıq kistaları Allaha şükür ki, daha az görürük.

- Xərçəngin müalicəsi mümkündürmü?

- Əlbəttə, xərçəngin müalicəsi mümkündür, xüsusilə erkən diaqnoz qoyulduqda süd vəzi xərçənginin müalicəsi çox müvəffəqiyyətlidir. Birinci mərhələdə aşkar olunduğunda müalicə şansı 95 faiz, ikinci mərhələdə 85 faiz olur. Erkən mərhələli şişlərdə döşü də almaq lazım deyil. Hətta son illərdə sentinal limfa biopsiyası sayəsində qoltuqaltı limfalarını belə almırıq. Xəstə yalnız bir gün xəstəxanada qaldıqdan sonra buraxılır. Daha sonra xəstəyə kimyaterapiya və şüa müalicəsi tətbiq edilir. Erkən mərhələdə süd vəzi xərçəngi əməliyyatı demək olar ki, həm yırtıq əməliyyatından asandır, həm də xəstə üçün daha əziyyətsizdir. Təbii, bunun üçün tibbi şəraitin yaxşı olması lazımdır. Cərrah ilə birlikdə əməliyyata bir patologiya mütəxəssisi və bir nüvə tibb mütəxəssisi də girir. Onların sayəsində döşü bütün olaraq almadan da şişin hamısının alındığından əmin oluruq və ya qoltuqaltı limfalarını almadan əməliyyatı bitirə bilirik. Xərçəng müalicəsi bir qrup mütəxəssisin birgə çalışmasını tələb edir. Tək bir həkimin müvəffəqiyyəti yetmir.

- Çox qadınlar qorxduqları üçün həkimə belə getmirlər. Bu, sonra onlar üçün daha çox problem yarada bilirmi?

- Təbii ki. Daim problem yaradır. Üçüncü mərhələdə bütün döşü almaq qaçılmaz olur. Müalicə şansı 50 faizə və ya daha da aşağı düşür. Qoltuqaltı limfalarını mütləq almaq lazımdır. Üçüncü mərhələdə bəzən xəstə əməliyyata uyğun olmaya bilər, onun yerinə əvvəl kimyaterapiya etmək lazım gəlir. Dördüncü mərhələdə  müalicə şansı daha da azalır, xəstəni cərrahiyyə əməliyyatı etmək şansı az qala qalmır. Bəzən şiş döş divarındakı sümüklərə yapışır, bəzən də dəriyə açılır və böyük yaralar meydana gəlir. Bu xəstələrin çox ciddi ağrıları ola bilir, yara yerindən qanama və pis qoxulu axıntı gəlir. Bu vəziyyətlərdə xəstələrin ölmək üçün dua etdiklərinə şahid oluram. Bunlar çox kədərli hallardır. Ən ağıllısı bu vəziyyətlərə düşmədən bir az erkən davranıb vaxtında əməliyyat olması xəstənin  xilas olması üçün kifayətdir.

- Bunun bir səbəbi də qadınların bu barədə məlumatsız olmasıdır. Bunun üçün nələr etmək lazımdır?

- Yalnız məlumatsızlıq da olmaya bilər. Maddi imkanları kifayət etməyə, müasir tibbə kifayət qədər güvənməmələri ola bilər, yaxud bu xəstəliyin ciddiliyini anlamırlar. Bunun həlli üçün mən hər fürsətdə bu xəstəliyi izah etməyə çalışıram. Xəstəliyə tutulmadan müayinədən keçmələrini tövsiyə edirəm. Xəstəlikdən xilas olmanın ən asan yolu illik müayinələrin edilməsidir. Yaşı 40-a çatan qadının hər il nizamlı olaraq mamoqrafiya etdirməsi və UZİ-dən keçməsi lazımdır. Bunun üçün bir şikayəti olması lazım deyil. Xəstələrin səhv bildiyi amillərdən biri də odur ki, xərçəngin ağrı verdiyini zənn edirlər və ağrı olmadığı üçün müayinəyə getmədiklərini  söyləyirlər. Bu da gecikməyə səbəb olur. Süd vəzi xərçəngləri erkən dövrdə ağrı verməz. Hətta ancaq çox irəliləmiş xəstəlikdə ağrı olar. Süd vəzisindəki ağrısız törəmə daha təhlükəlidir.

- Bəzən bu problemin müalicəsi kimi yalnız əməliyyat tövsiyə edilir. Sizcə, kistalar üçün əməliyyata ehtiyac varmı?


- Kistalar üçün əməliyyata ehtiyac yoxdur. Əslində süd vəzisinin yaxşı xasiyyətli xəstəlikləri üçün ümumi olaraq əməliyyata ehtiyac yoxdur deyə bilərik. Kistalar xaricində fibroadenomlar üçün də əməliyyat lazım deyil. Təqib etmək və şübhəli olduqda biopsiya etmək daha doğrudur. Xəstələr əməliyyatdan haqlı olaraq qorxurlar. Əgər gərəksiz əməliyyat etsək, xəstələrin bizə olan etibarını sarsıdarıq. Bunun zərərini yalnız gərəksiz yerə bir fibroadenom və ya kista əməliyyatı olan xəstə çəkməz, bizə etibarını itirən başqa qadınlar çəkər. Məsələn, süd vəzisi xərçəngi olan bir qadına əməliyyatın çox lazımlı olduğunu izah etməkdə çox çətinlik çəkərik. Onun həyatını təhlükəyə atmış olarıq. Buna görə əməliyyata ehtiyacı olan xəstə ilə əməliyyat lazım olmayan xəstəni bir-birindən çox diqqətli şəkildə ayırmaq lazımdır. Bu problemlər dünyanın hər yerində yaşanmaqdadır. Xəstə ilə həkim arasındakı inam duyğusunun zədələnməməsi gərəkdir.

-Bakıda gözəl xəstəxanalar var, amma bir az kadr problemi mövcuddur. Hətta ölkə başçısı da bununla əlaqədar gənclərin xaricdə oxumasını, təcrübə keçməsini tövsiyə edib. Siz Bakıda da çalışırsınız və yəqin ki, bunların şahidisiniz…

- Azərbaycanda gözəl xəstəxanalar olduğu doğrudur. Mən bir ildir gəlirəm və davamlı bir inkişaf görürəm. Daim daha yeni və yaxşı xəstəxanalar açılır. Bu xəstəxanalara ən son texnologiya ilə işləyən cihazlar qoyulur. Bu cihazları istifadə edəcək həkim və digər işçilərin təhsili üçün də çox səy göstərildiyini görürəm. Həm də bir sıra xəstəxanalardan əməkdaşlarımızın təhsil üçün xaricə yollandığını məmnuniyyətlə müşahidə edirəm. Bu təhsil ziyarətlərinin hörmətli Prezident tərəfindən də dəstəkləndiyini bilmək məni çox xoşbəxt edir.

- Sizin azərbaycanlı tələbələriniz varmı?

- Mən işlədiyim hər yerdə bildiyim hər şeyi ətrafımdakı əməkdaşlarımla paylaşmağa çalışmışam və hələ də öyrətməyə davam edirəm. Bizim xəstələrimizin UZİ-lərini azərbaycanlı həkim İlahə Atakişiyeva həyata keçirir. O, Türkiyədə təhsilini tamamlayıb Bakıya geri döndü. İndi İstanbul Universitetinə azərbaycanlı  bir həkimi yerləşdirdik, onkoloji təhsil alır. İstanbulda olarkən onunla vaxt tapdıqca maraqlanıram. Çox müvəffəqiyyətli bir həkim xanımdır. Bir il sonra Bakıya dönüb bizimlə işləyəcək. Azərbaycanlı həkim qardaşlarımızla birlikdə bu xəstəliyə qarşı dirənəcəyik. Bir daha qeyd edirəm ki, bu xəstəliyin diaqnozu, müalicəsi və sonrakı təqibi həmişə bir qrup işidir. Mənim Türkiyədən təkbaşıma gəlməyim əhəmiyyətli deyil. Burada bir qrup qurmağımız lazımlıdır.Süd vəzi xəstəlikləri ilə əlaqəli daha çox məlumat üçün mənim məlumatlandırıcı web-saytlarım da var. Məlumat əldə etmək üçün onlara baxılmasını təklif edirəm: “www.sudvezi.com” və “mastopatiya.com”, “istanbuldamualice.com”.

Nigar Abdullayeva

 

Add comment


Security code
Refresh